AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN “Azərbaycan” Qayəsi.

XX əsrin əvvəllərindən etibarən, Çar Rusiyasının müharibələr və Rusiyadakı baş vermiş inqilabın imperiyanı zəifləməsi nəticəsində, onun tərkibində olan müxtəlif xalqların milli azadlıq hərəkatları geniş vüsət almağa başladı. Bunun qarşısını almaq üçün Çar Rusiyası xalqların özünü idarəetmə sisteminə razılıq vermə məcburiyyəti qarşısında qalır. 1905-1906 illərdə Çar Rusiyasının tərkibində olan Azərbaycan əhalisi, o dövrün təbiri ilə ifadə etsək müsəlman əhalinin içərisindəki ziyalı şəxslər Azərbaycan dilində qəzet və jurnallar çap olunmasına nail olur. Bunun nəticəsi olaraq Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məmməd Əmin Rəsulzadə kimi görkəmli şəxsiyyətlər bu imkandan istifadə edərək, milli məfkurə uğrunda mübarizəyə başlayırlar. Beləliklə Məmməd Əmin Rəsulzadə 1905-1906 illərdə “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi”-ni təshis edir. Azərbaycan və milli məfkurə ideayasını Rəsulzadə bir gayə olaraq idrak edir və dövründə yaranmış fürsətlərdən istifadə edərək, həmin ideayanın çarcısı olur. Rəsulzadə ilk dəfə olaraq 1903 cü ildə Çar Rusiyasına müstəmləkə siyasətinə qarşı etiraz tipli məqalələr nəşr etməyə başlayır. O dövr üçün səciyyəvi xususiyyətlərdən biri Azərbaycan ərazisində yaşayan azərbaycanlıların özlərini milli kimlik ilə yox,dini kimliklə ifadə edərək müsəlman adlandırmaları idi. Bu ünans Rəsulzadə ilə yanaşı eyni zamanda Əli Bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə kimi şəxsiyyətlərin də narahatçılığına səbəb olurdu. 1917 ci ildə Cəlil Məmmədquluzadənin “Molla Nəsirəddin” jurnalındakı “Azərbaycan” məqaləsində milli kimlik, dil və ərazi baxımından Azərbaycan sözünü dəfələrlə vurğulayaraq, Ey mənim müsəlman qardaşlarım nidası ilə xalqa müraciət edir. “Dilim nə dilidir? Azərbaycan dilidir. Yəni vətənim haradır? Azərbaycan vilayətidir. Haradır Azərbaycan?-Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən, qalan hissələri də Gilandan tutub, qədim Rusiya höküməti ilə Osmanlı höküməti daxillərdindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bəyaziddən ibarət olsun.” Bu məqalə ilə Azərbaycan məfkurəsinin, Azərbaycan gayəsinin o dövrdəki ziyalılarımızın əsas narahatçılıqları arasında yer aldığının şahidi oluruq. Həmin dövrdə Azərbaycan ərazisində müxtəlif fikri cərəyanlar yer almasına baxmayaraq Əli bəy Hüseynzadə bütün bu fikri cərəyanların hər birinin müdafiə ettiyi düşüncəni bir şüar ətrafında cəmləyərək “Türkləşmək, müasirləşmək və islamlaşmaq” düşüncəsi ətrafında birləşdirmişdir. Birinci Rusiya inqilabından sonra azadlıq hərəkatlarının geniş vüsət alması Əli bəy Hüseynzadənin fikri şəkildə formalaşmasında mühüm rol oynamış və onun Azərbaycan- Azərbaycançılıq gayəsi bu deviz altında yaranmış, ümümilikdə isə, Türk –müsəlman dünyasında əsas fikri azadlıq cərəyanına çevrilmişdir. Əli bəy Hüseynzadə Həyat qəzetinin 1905 ci ildəki buraxılışında fikrini bəyan edərək deyir: Biz insanız.Məzlum olan sinifləri zalım siniflərin təcavüzatından azad etməyə çalışacağız. Biz Qafqazlıyıq, Qafqaz əhlinə və ümumi-idarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb ediniz. Biz müsəlmanız, Binaən-əleyh öz əqaidi diniyyəmizə,hüriyyəti-vicdanımıza, hər nə lazımsa,onu istəyiniz. Biz Türküz. Dilimizin, lisanımızın, tərəqqisinə mane olan hər növ sədlərin, divarların yıxılmasına, rəf olunmasına qeyrət ediniz. Əli bəy Hüseynzadənin fikri məfkurəsi millət olaraq türk və inanc olaraq müsəlman olan Azərbaycan xalqının əsas gayəsi kimi formalaşmasına çalışmışdır. Məmməd Əmin Rəsulzadənin Azərbaycan gayəsi formalaşmasında Əli bəy Hüseynzadənin misilsiz rolu olmuşdur. Eyni zamanda bu fikri Ziya Gökalp tərəfindən İstanbulda yenidən formalaşdırmış, və bu düşüncə Türk-müsəlman milli kimliyinin əsas meyarı olaraq yüksək dəyərləndirilmişdir.

       Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə və silahdaşlarının məqsədindəki Azərbaycan gayəsi AXC-nin yaranmasından öncəki tarixi proseslər içərisində də yer almışdır. Məmməd Əmin Rəsulzadənin İşıq, Dəvət, Açıq Söz kimi qəzetlərindəki elmi, publikisist əsərləri, habelə xalqın gözünü açmaq üçün yazdığı kiçik ölçüdəki bədii nümunələrdə Azərbaycan naminə mübarizə apardığını bariz şəkildə görmək mümkündür.  Cənubi Qafqaz xalqı olan Azərbaycan xalqının özlərini sadəcə müsəlman olaraq adlandırmağını yanlış hesab edərək bu barədə fikrini ilk dəfə “Diriliş” qəzetində dilə gətirir. Rusiyanın işğalçılıq, şovinist siyasətini tənqid edən Rəsulzadə,1906 il, “Dəvət” qəzetində “Yeni İnqilab Xadimi” məqaləsində, Çarizm işğalçı siyasətinə qarşı İnqilab hərəkatını çıxış yolu olaraq gördüyünü bəyan edirdi. Məqalədə Rəsulzadə inqilab ilə əksinqilabın daimi olaraq bir-biri ilə mübarizə apardığını daima inqilab gücünün qalib gəldiyini, eyni zamanda inqilabın zülm hərəkatının bünövrəsini sarsdığı düşüncəsini müdafiə edirdi. Daha sonra Rəsulzadə, “Təkamül” qəzetindəki “Milliyyət” məqaləsində Çar Rusiyasının öz tərkibindəki  xalqlar arasında düşmənçilik salma və ruslaşdırma siyasətini kəskin şəkildə tənqid edirdi. “Təkamül” qəzetinin rəhbərlərindən olan Rəsulzadə, bu qəzetdəki əsas fikirləri olan şəxslərin və millətlərin bir-biriləri arasında hüquq və azadlıqlarının bərabər olmasından, hər bir xalqın şəxsi, milli maraqlarının bütün növ təcavüzlərdən qorunmasının vacibliyini dilə gətirərək, ömrünün sonuna kimi bu fikirlər arasında əsasa aldığı “Xalqlara hürriyyət, Millətlərə İstiqlal” şüarına sadiq qalmışdır. Rəsulzadə Azərbaycan xalqının tarixi irsini qorunmasının vacibliyini hər zaman dilə gətirirdi.

          Rəsulzadənin “Açıq Söz”, qəzetindəki məqalələrində böyük cəsarətlə Azərbaycan Türklərinin istiqlala və qurtuluşa çatmaq üçün tutacağı yollardan bəhs edərək deyir: Müəyyən bir məfkurəyə və əksər əfradında malik olan millətlər, dövlətlər arasındakı münasibətdə əhəmiyyət qazandıqları kimi dövlətlərin daxili siyasətləri üzərində də böyük təsirlər icra edəcəklər. Bu surətdə ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün, hər şeydən əvvəl özlərini bilməli, müəyyən bir məfkurəyə, gayeyi xəyala hədəf olacaq o ışıqlı yıldıza sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir ulduza sahib olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və böylə silahdan məhrum qalan heyətlər kimsəyə söz eşitdirməyəcəklər.  Düşüncəsini ifadə edərkən dünyadakı savaşlar və müharibələr şəraitdə ölkələrin yenidən meydana çıxması və varlıqlarını sübut etmək üçün bir amal ətrafında birləşməsini zəruri olaraq görürdü.  Rəsulzadəyə görə bir millətin tarix səhnəsində yer tutması üçün onu gələcəyə aparan üç əsas amil vardır. Bunlar dil, din və zamandır. Rəsulzadə “Türkləşmək, Müasirləşmək və İslamlaşmaq” məfhumlarını sırası ilə izah edərək Azərbaycan Məfkurəsinin bu amalla məqsədinə çatacağını və bütün bunları “Tutacağımız Yol” məqaləsində dilə gətirmişdir.  Dil məfhumunu millətləri vahid bir mədəniyyətin parçası, din vahid bir inancın və zaman isə irəliləmək üçün tələblərinə uyğun olaraq tabe olmaqdır. Yəni zamanla ayaqlaşan, zamanın tələblərinə uyğun olaraq, yaşayan xalqlar digər millətlərin içərisində yer ala bilər. Qurtuluş məqaləsində millət və milliyyətçilik anlayışlarını bir millətin tarix səhnəsində yer alması üçün diqqət mərkəzində tutmasını vacibliyini dilə gətirir. Zamanımızın milliyyət əsri olduğunu və milli ruha, məfkurəyə sahib gənclərin  cəhalət girdabında məhv olmuş xalqın xilaskarı olacağı düşüncəsinə bağlı idi. Milləti bu yolda hədəfə çatdıra bilən ən böyük vasitələrdən də biri isə dildir. Çünki dil millətin canıdır. Millətin məntiqi, ruhu və milli kimliyidir. Rəsulzadə mətbuatda xalqın gözünün açılması və milli mənliyin idrak edilməsi üçün ana dili olan Azərbaycan türkçəsinin istifadə olunmasının vacibliyini vurğulayırdı.  Rəsulzadənin Azərbaycan gayəsinin başlıca xüsusiyyəti millətin millət olaraq, dini, mədəni, bəşəri yönlərini dərk etməsi və bundan sonra irəliyə doğru addımlaması idi. Milli hissiyyat və milliyyət fikrinin idrakı hər hansı bir mədəniyyəti bəşəriyyətin yanlız əsası deyil, eyni zamanda onu hərəkətə gətirən amildir. Milli icad və yaradılışın ən yüksək göstərişi olan dahi, həmişə dahidir və millidir. Milli gayəyə və milliyyətçiliyə xidmət edən şəxslər milli olduqları qədər də bəşəridir. Rəsulzadə rus mədəniyyətinin Dostoyevski vəTolstoyu misal gətirərək izah edirdi ki, əsərlərində rus cəmiyyətinin və yaşam tərzini, idarəçiliyini və rus millətin əksikliklərini təzahür edərək xalqın gözünü bədii nümunələrlə açmağa səy göstərən bu yazıçılar, eyni zamanda cəmiyyətin bir çox yaralarına  və insan taleylərinə biganə yanaşmadıqları üçün bəşəridilər. Yanlız bu gayəyə xidmət edən dahilər, dahidirlər.

      Rəsulzadə o dövrdəki yazılarında dövlət və dövlətçilik məslələrində də  toxunaraq, dövlət anlayışını millət anlayışından daha dərin və çoxşaxəli olaraq adlandırırdı.  Rəsulzadənin fikrinə görə dövlət anlayışı tərkibində bir çox millətlərin yaşadığı hüquq və öhdəliklərin bir olduğu böyük bir quruluşdur. Dövlətlər içərisindəki millətlər bir olub, təhlükə anındaki bütün çətinliklərin öhdəsindən gələ bilirlər. Rəsulzadə tərkibində bir çox millətlər olub, rifah halında yaşaya bilən dövlətlərdən Amerika və İngiltərəni misal çəkirdi. Zülm, cəbr və haqsızlığı isə dövlətin təməlini sarsan, millətlər arasında nifaq salan əsas amil olaraq dəyərləndirirdi. Rusiyanın  dövlətin tərkibindəki millətlər arasında nifaq salma siyasətini kəskin şəkildə tənqid edir. Xalqlara hüriyyət, Millətlərə İstiqlal prinsipinə sadiq qalaraq Rəsulzadə Rusiya imperiyasının Türküstan xalqlarına digər xalqlara tanınan imtiyazların verilməsinin vacibliyini vurğulayır. Rusiyanın Türküstandakı xalqlara elm, təhsil və azadlıq verilməsini bəhs edir. Eyni zamanda hərbi idarə sisteminin Türküstan üzərindən qaldırılması, Türküstanın səadətə qovuşması üçün islahatlar aparılmasının vacibliyini vurğulayır.Türküstan xalqlarının da digər xalqlar kimi hərbi mükələfiyyətlərə cəlb olunmasını qeyd edir. Ümümlikdə Rəsulzadə Cənubi Qafqazın türk soylu əhalisi azərbaycanlıları və eyni zamanda Türküstan xalqlarına göstərilən münasibəti dərin narahatlıq hissləri ilə öz yazılarında ifadə edirdi. Və bu vəziyyətdən çıxmaq üçün Çar hökümətinin islahatlar aparmasının zəruriliyini vurğulayırdı. Məsələnin həlli sadəcə islahatlardan ibarət deyildi. Bunun üçün ilk növbədə həmin xalqlar milli mənlik şüuruna sahib olmalı idilər. Bu özünüidrak etmə də maarifçilik əsasının başlanğıcını qoyan Mirzə Fətəli Axundzadə və Həsən Bəy Zərdabidən sonra milli məfkurəmizin fikri düşüncəsinin qurucusu olmuş Əli Bəy Hüseynzadənin Türkləşmək, müasirləşmək və İslamlaşmaq” məfkurəsi çərçivəsində formalaşmalı idi. Rəsulzadə də daxil olmaqla Cümhuriyyətçilərin milli özünüdərk yolundakı əsas meyar olan məhz bu məfkurə idi. Bu məfkurə bundan ibarət idi-  Türkləşmək, Müasirləşmək, İslamlaşmaq məfhumunu yenidən hazırlayan Ziya Gökalp bu şəkildə izah edirdi. “Əsrin tələbi, fəlsəfənin, texnologiyanın, metedologiyasını milli və dini ənənələrimizə, iradəmizə aşılayıb, məzc ettirmiş olsaq əgər müasir bir Türk-İslam mədəniyyəti hasil olacaqdır. Bu zaman xalq ruhunun “Qızıl Alma” deyə adlandırdığı vədolunmuş vətənə vasil olduğumuz zamandır və yanlız bu zaman həqiqi mənada mədəniyyət baxımından hür və müstəqil olacağıq”. Milli məfkurəmizin digər millətlər içərisində hər zaman varlığını və dövlətçilik ənənəsini güclü olaraq qoruya bilməsi üçün milli kimliyin müasirləşmək adı altında digər mədəniyyətlərin təsirlənməsini yanlış olaraq görən Gökalp bütün bu məfhumları Türklər üçün ” Bu gün müasirləşmək demək bizim üçün zirehli gəmilər, avtomobillər, təyyarələr istehsal edib, Avropalılar kimi istifadə etməyi bacarmaqdır. Müasirləşmək  sürətcə, yaşayışca Avropalılıara bənzəmək değildir. Və nə zamanki məlumat, sənətlər satın almaq üçün Avropalılara ehtiyac duymadığızı görsək o zaman tam anlamı ilə müasir olduğumuzu görəcəyik.” Ziya Gökalp millətçiliyi tənqid edənlərə qarşı düşüncəsində dünyadakı mövcüd savaş və mübarizə meydanında duruş gətirə bilmək üçün ən güclü silah olaraq millətçiliyi görmüşdür. Və milliyətçilik hissinin hakim olduğu bir məmləkəti yanlız milləyətçi məfkurəsində olanlar idarə edə bilməsi düşüncəsini müdafiə etmişdir.  Bəşəriyyətə görə eyni antropoloji xususiyyətə malik insanlar  bir irqə mənsubdursa, sosiologiyaya görə isə  bir mədəniyyətə mənsub millətlər beynəlmiləldir. Buna görə də türk milləti İslam dinini qəbul ettikdən sonra eyni yəni İslam mədəniyyətinin, məfkurəsinin də parçası oldu.  Dolaysı ilə Türklük bir millət, İslam isə beynəlmillət olduğu üçün bu məfkurələr arasında əsla bir zidiyyət yoxdur. Ümmətləri bir arada tutmaq üçün mütləq şəkildə İslamçılıq Osmanlıda öndə tutulmuş, türklük gözardı edilmiştir. Halbuki bu iki məfkurə bərabər olmalıdır. Nəticə olaraq Türkləşmək, İslamlaşmaq və Müasirləşmək məfhumları arasında əsla bir zidiyyət yoxdur.  O halda hər birinin nüfüz dairəsi təyin edərək bu gayələrinin hər birini qəbul edərək, müasir bir İslam Türklüyünü qəbul etməliyik.

 Cümhuriyyətin yaranma ərəfəsində mövcud olmuş fikri cərəyanlar içərisində, milliyyət fikrinə xor baxan İslamçı ittifaqlar və yenə milliyyət fikrini qəbul etməyən, kosmopolit ittifaq fikri cərəyanları var idi. Bu cərəyanlar əsas etibarıyla sağçı və solçularda ibarət bir sosialist cərəyanlar olub, ümumilikdə isə milliyyətçi olmadıqları halda, Azərbaycan milliyyətçiliyini mərkəzi bir nöqtədə olmasına səy göstərirdilər. Bu zümrənin əsas məqsədi Azərbaycanın Rusiya daxilində muxtariyyət verilməsinə nail olmaq idi.

  Azərbaycan Davası həmin dövrdə mövcud olmuş siyasi və ictimai partiaların əsas məqsədi idi. Müsavat partiyası ilə 1911 ci ildə birləşmiş  Türk Ədəmi Mərkəziyyət Firqəsi Bakıda keçirilən konqresdəki programa Azərbaycan və Rusiya daxilində yaşayan digər Türk xalqları üçün mühüm tarixi proses idi. Qəbul olanan konqres programlarında Müsavat partiyası Azərbaycan davası naminə, heç bir qorxu hissi olmadan Azərbaycan xalqına və Rusiya ərazisindəki digər Türk xalqlarına bərabər hüquqların verilməsi və ən vacib məsələ olan Azərbaycana muxtariyyət verilməsi məsələsini irəli sürürdü. Cənubi Qafqaz xalqlarından olan erməni və gürcülərin özlərini Rusiya dumasında təmsil edən Daşnaqsütyun və Menşeviklər partiyası kimi Müsavat partiyası azərbaycanlıların hüquqlarını müdafiə edən, Azərbaycan Davasını çəkən patriot partiya idi. Rəsulzadə 1954 cü ildə  “Azərbaycan Davası” məqaləsində yazırdı ki, Cümhuriyyətin qurulduğu dövrdə Azərbaycan davası, gayəsi yaxın tarixi analiz edən, həmin dövrdəki azərbaycanlıların başına gəlmiş siyasi və tarixi hadisələri yerində dəyərləndirərək, həmin dava tarixi əsaslara və fikirlərə istinad edirdi. Müqəddəs Məfkurəni birmənalı olaraq parlamentdəki ayrı-ayrı şəxslərə istinad edənlər böyük xətaya düşürlər. Parlamentdə ayrı-ayrı şəxslərin Azərbaycan davası uğrunda sağdan və soldan gələn hər bir hücuma qarşı mübarizə aparan şəxslərin əsas məqsədi vətənimiz və milli məfkurəmiz idi. Bu şəxslərin hər birinin təşəbbüsü fərd olaraq öz mənafeyləri üçün yox, milli bir mənefeye və fikri bir amala əsaslanırdı. Tarixi proses nəticəsində formalaşmış ideologiyamızı müdafiə edən şəxslərin hər birinin milli ideologiyanı yüksək dərəcədə müdaiə edən və həmin ideologiyaya hər zaman sadiq qalan şəxslərdir. Həmin şəxslər hər zaman öz ideologiyaları ilə əhəmiyyət kəsb edirlər. Davamız Azərbaycan davasıdır- deyən Rəsulzadə bu gayəni həm tarixi həm də milli bir dava olaraq adlandırır. Azərbaycan gayəsini uğrunda canlarından keçmiş, divan tutulmuş, sürgün edilmiş, Xəzərin sularında ayaqlarına daşlar keçirilərək canlarına qəsd edilmiş qəhrəmanların hər birini bu amal uğrunda çarpışan qəhrəman olaraq adlandırır. Və sadəcə parlamentdəki imtiyazları olan şəxsləri yox, eyni zamanda fikri, əməli olaraq milli məfkurəyə sadiq qalan hər bir şəxs bu davanın insanı olaraq görürdü.

Məmməd Əmin Rəsulzadə  başda olmaqla, Xalq Cümhuriyyətçilərinin Azərbaycan Gayəsi uğrundakı mübarizəsi milli özünüdərkdən başlayaraq bütün sahələri əhatə etməkdə idi. Bu arzuları hər zaman mətbuatda dilə gətirən Rəsulzadə, Açıq Söz qəzetindəki “Nə Qafqaziya, nə İran” məqaləsində Qafqazda yaşayan Azərbaycan Türklərinin özlərini Qafqazlı adlandırmasını, eyni zamanda Arazın o tayındakı Azərbaycan türklərinin özlərini İranlı adlandırmasını yanlış hesab edirdi. Rəsulzadənin həmin məqalədəki fikirlərində, Qafqaziyada yaşayan Azərbaycan türklərinin tarixi və mədəni inkişafı zəminində həmin dövrdəki gənclərin Qafqazlı deyə bir millət olaraq Azərbaycan xalqını adlandırması, eyni zamanda Türkmənçay müqaviləsi ilə iki bölünmüş Azərbaycan ərazisinin Cənub torpaqlarını İran adlandırmasının tarixi baxımından böyük xəta olaraq dəyərləndirirdi. Arazın o tayındaki ikiyə bölünmüş xalqın “iranlı” təbiri olaraq görülməsi Rəsulzadə ürək ağrısı ilə qeyd edirdi. Onun düşüncəsinə görə nə şimalda yaşayan Azərbaycan xalqı Qafqazlı, nə də cənubda yaşayan xalq iranlı deyildi. Onları hər ikisi də vahid bir millət yəni Azərbaycan türkləri  idi. Həmin məqalədə Rəsulzadə deyir  Biz özümüzü qafqazyalı  sananlar bir kərə bu həqiqəti bilməli və anlamalıyız ki,yurdumuzda mühacir və mehman sıfatıyla yaşayan İranlı-lar az bir istisna ilə İran Azərbaycanından gəlmiş iranlılardır. Onların dili də, məişəti də adət-ənənələri də bizimki ilə eynidir. Başqa türlü olamaz da. Çünki hamımız bir kütlənin Azərbaycan Türkünün parçası, bir məcmuin hissəsiyiz, xalq təbirincə “hamımız bir bezin qırağıyız”, Araz çayının qismən bu, qismən də o tərəfində bulunan,türklər bir kərə bilməlidir ki,nə iranlı, nə də qafqazyalı bəlkə azərbaycanlılardır. Xalq Cümhüriyyətçilərimizin Azərbaycan Gayəsi içərisində Cənubi Azərbaycan əhalisinin və torpaqları da böyük əhəmiyyətə malik idi.  Araz çayının o tərəfində qalmış xalqımızın bir hissəsinin Cümhuriyyətçilərimiz heç bir zaman ümumi birlik və milli davamızdan ayrı tutmamışdır. Təsadüfi deyildirki 1919-1920 ci illərdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında Təbrizdə başlanmış xalq azadlıq hərəkatına cümhüriyyətçilərimizin Şimali Azərbaycandakı milli mübarizələri böyük  təkan vermişdir. Cümhuriyyətçilərimiz Cənubi Azərbaycandaki millətimizin qalan hissəsinin İran tabeliyindən çıxması və öz hüquqlarını əldə etməsi naminə bir çox səylər göstərmişlər.

 “Azərbaycan” gayəsi Azərbaycan Xalq Cümhuriyyətinin əsas davası idi. XX əsrin əvvəllərindəki siyasi və sosial vəziyyət  Rusiya imperiyasının etdiyi haqsızlıqlar, Azərbaycan və millət sevgisinə sahib olan ziyalılarımızın əsas dərdi idi. Dövrü mətbuatda hər zaman işıqlandırmağa çalışan problemleri və onların həlli haqqında düşüncələrini ilə xalqımızın gözünü açmağa, zülmə və ədalətsizliyə qarşı mübarizəyə çağırırdılar. Millət olaraq həmin dövrdə ilk məqsədlərdən biri, yaşadığı coğrafi ərazilərin, danışdığı dilin, sahib olduğu elmi, mədəni irsin, milli davanın fərqinə varmaq idi.  İdeolojik olaraq “Türkləşmək, Müasirləşmək, İslamlaşmaq” prinsipi ilə milli özünüdərk düstüru ilə xalqımızın tarix səhnəsində öz sözünü deməyə nail olacağına ürəkdən inanırdılar. Məhz qəlblərindəki bu Azərbaycan eşqi hər baxımından, hər sahədə mübarizəyə təkan verirdi. Cümhuriyyətimizin elan olunmasından əvvəlki, həmin dövrdəki və sonrakı dövrdə də bu idea uğrunda mübarizə daima davam etmişdir. Azərbaycan adının, kəliməsinin ideolojik anlamda irəli sürən və bunun uğrunda mühacir olduğu zamanlarda belə mübarizə aparan Məmməd Əmin Rəsulzadə olmuşdur. Rəsulzadə ilə bərabər Onun silahdaşları da bu ideologiya uğrunda canları, qanları bahasına mübarizə aparmışlar.  Cümhuriyyətçilərimizin “Azərbaycan” gayəsi həm, ideolijik və siyasi anlamda mövcud idi. Rəsulzadə öz nitqində deyirdi “Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formula etmək şərəfi mərhum Nəsib bəyindir.”  Azərbaycan adının siyasi mənasını Rəsulzadənin bu nitqə əsaslanaraq deyə bilərik ki  Nəsib bəy Yusifbəylinin adı ilə bağlıdır. İstər ideolojik, istərsə də siyasi olaraq mövcud olan davamızı hər sahədə dilə gətirən Cühmuriyyətçilərimiz bu amal uğrunda bütün varlıqları ilə mübarizə aparmışlar. Siyasi partiya və təşkilatların qurulması, ideolijik olaraq mətbuatda xalqın gözünü açmaq üçün görülmüş işlər, Azərbaycan xalqının hüquq və azadlıqlarının o cümlədən muxtariyyət qurulması uğrunda qorxmadan tələblərin irəli sürülməsi XX əsrin qanlı dövrlərində edilmiş təqdirə layiq əməllər idi. Milli davamız  uğrunda mübarizə 1918 ci ildə Cümhuriyyətimizin İstiqlal bəyənmasinin qəbul edilməsinə gətirib çıxartdı. Azərbaycan Xalq Cümhuriyyəti demokratik və dünyəvi dövlət olaraq Azərbaycan eşqi ilə yanan ürəklərin səyinin nəticəsi idi. Millətimiz mübariz oğulları sayəsində Şərqdə ilk demokratik cümhuriyyətin qurulmasına nail oldu. Həmin Cümhuriyyətin adı isə Azərbaycan idi. Hər sahədə apardıqları islahatları ilə demokratik olan AXC azərbaycanlılardan başqa digər xalqların da hüquq və azadlıqlarını qoruyan dövlət quruluşu idi. Apardıqları daxili və xarici işlərdəki habelə elm, iqtisadiyyat və bir çox sahələrdəki islahatları beynəlxalq hüquq normaları çərçivəsində qəbul olunmuş tam demokratik islahatlar idi.Eyni zamanda  Azərbaycanın bir ölkə olaraq siyasi səhnədə rol alması üçün böyük diplomatik addımlar ataraq ölkəmizin defakto tanınmasına nail olmuşlar. Bu münasibətlə Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli deyirdi: Azərbaycan müstəqilliyi Böyük Avropa millətləri Ali Şurası tərəfindən yekdilliklə tanınmışdır. Azərbaycanın Qərb Xalqları ailəsinin tamhüquqlu üzvlüyünə daxil olması onun tarixində ən işıqlı gündür. Bu gündən onun mənəvi qüvvələrinin yeni çiçəklənmə dövrü başlayır. Hökümət inanır ki, bütün vətəndaşlar yenidən hər hansı bir maneə və təhlükə yaranarsa belə, azad və müstəqil vətənin xoşbəxtliyini təmin etmək üçün birləşəcəklər. Yaşasın Müstəqil Azərbaycan Xalqı!. Xalq Cümhuriyyətinin süqut etməsindən sonra qəlblərindəki milli məfkurə ilə həyatlarını davam etdirən Cümhuriyyətçilərimiz ömürlərinin sonuna qədər bu “Azərbaycan” gayəsi uğrunda mübarizə aparmışlar.

Yazar- Humay Usubbəyli, Azərbaycan Milli Elmler Akademiyası, Elm Tarihi İnsitutu

Bütün müəllif hüquqları qorunur

Humay Usubbayli tarafından yayımlandı

Enamored with Truth because of its ontological purpose

Yorum bırakın

WordPress.com ile böyle bir site tasarlayın
Başlayın